Türk səyyahlar Ağalı kəndinə səfər ediblər 

10:53 31.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Səyyahlar Klubunun beynəlxalq səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səfər davam edir. 30 nəfərlik Heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.

Hafta.az azərtac-a istiadən xəbər verir ki, Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət edən səyyahlar bu gün Zəngilanda olublar. Ağalı kəndinə gələn səyyahları Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı qarşılayıb. Səyyahlara Zəngilan rayonu barədə məlumat verilib. Bildirilib ki, digər rayonlar kimi Zəngilan da 27 il müddətində düşmən işğalında qaldığı zaman şəhər mərkəzi ilə bərabər 5 qəsəbə və 79 kənd tamamilə yerlə yeksan edilib. Rayon əhalisi öz doğma yurdundan didərgin düşərək məcburi köçkün olub. Yaşayış yerləri, tarixi mədəni və dini abidələr dağıdılıb. Həmçinin erməni işğalı zamanı Zəngilan ekoloji terrora məruz qalaraq flora və faunası da məhv edilib. Yaşı 300 ildən çox olan Palıd, Çinar ağacları, həmçinin hektarlarla qoz ağacları digər yaşıllıqlar məhv edilib. Məlumat üçün bildirilib ki, 2020-ci il sentyabr 27-də düşmənin növbəti təxribatına qarşı başlanan Azərbaycan ordusunun əks həmləsi nəticəsində Zəngilan erməni işğalından azad edilərək əsl sahiblərinin nəzarətinə keçib. Vurğulanıb ki, 27 il düşmən əsarətində qalan Zəngilan artıq iki ildir çiçəklənməyə başlayıb. Bugünə kimi Ağalı kəndində 66 ailə olmaqla 326 nəfər sakin doğma yurduna qovuşub. Həmçinin bildirilib ki, Ağalı kəndində 200 evin inşası başa çatdırılıb, uşaq bağçası, məktəb və bir neçə inzibati bina da inşa edilib. Həmçinin kənddə daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi də planlaşdırılır.

Qeyd edilib ki, Ağalı kəndində əhalinin sosial rifahının yaxşılaşdırılması üçün məşğulluq məsələləri, sakinlərin işlə təmin edilməsi dövlət qurumlarının xüsusi nəzarəti altındadır. Həmçinin bildirilib ki, Zəngilanda mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilir, yaxınlığında isə şəhərin ümumi insan sayını nəzərə alaraq yeni daha böyük bir məscidin tikintisinə başlanılıb. Həmçinin Zəngilanda İşğal, Zəfər muzeyləri komplekslərinin, yaşayış məhəlləsinin təməli qoyulub. Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolu, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün 2021-ci ilin aprel ayından tikintisinə başlanılan Zəngilan Beynəlxalq Hava Limanının isə Türkiyə və Azərbaycan prezidentləri tərəfindən açılışı olub. Bildirilib ki, Zəngilanın yenidən qurulmasında vacib ilk məsələ ermənilərin işğal illərində zərər vurulmuş ekosistemin bərpasıdır. Zəngilanın Bəsitçay hövzəsi boyunca yerləşən təbii çinar meşəsi Avropanın ən böyük, dünyanın isə ikinci ən böyük çinar meşəsi olduğu lakin Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində çinar meşələrinə də ekosid həyata keçirdiyi səyyahların diqqətinə çatdırılıb. Vurğulanıb ki, işğaldan azad edilən Zəngilan rayonu ərazisində zərər vurulmuş ekosistemin bərpası üçün 20 min çinar ağacı və 1000 kiloqrama yaxın palıd toxumu əkilib. Təbii potensialının olmasını nəzərə alaraq Zəngilan rayonunda həm dayanıqlı kənd təsərrüfatının, həm də turizm sahəsinin, xüsusilə ekoturizm və kənd turizminin inkişafına təkan verə biləcək sahələrin inkişafı da nəzərdə tutulub. İstər kənd təsərrüfatının inkişafı, istərsə də turizm potensialının istifadəsi burada yaşayan əhalinin məşğulluğuna müsbət təsir edəcək. Daha sonra səyyahlar kənddə yaradılan infrastrukturla tanış olub.

Qeyd edək ki, səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında mühüm əhəmiyyət daşıyır. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomadmaniya) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfər edilib. Bu səfərlərdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Həmçinin türk səyyahlar Ağalı kənd sakinləri ilə görüşüb həmsöhbət olublar.